Latest Movie :
Home » » Ahlat Ağacı (The Wild Pear Tree) | Şərh / Analiz

Ahlat Ağacı (The Wild Pear Tree) | Şərh / Analiz

{[['']]}


🎥 “Ahlat Ağacı” | Film Şərhi

- Alınlarımıza yazılmış yalnızlıqlar.
Nuri Bilge Ceylan adını sinema tarixinə qızıl hərflərlə yazdırmış rejissordur. Son 3 filmi - #birzamanlaranadoluda, #kışuykusu və #ahlatağacı rejissorun ən yaxşı filmləri olmaqla bərabər, fəlsəfə və insan psixologiyasını özündə birləşdirir. Haqqında danışacağım film isə Nuri Bilge Ceylan’ın sonuncu şah əsəri “Ahlat Ağacı” (2018) olacaq. Filmin texniki nüansları barədə deyə bilərəm ki, çəkilişi, rejissor işləri, musiqisi, ssenarisi, həmçinin aktyor və aktrisa ifaları çox güclüdür. Bununla yanaşı, bəzi qüsurların olduğunu da vurğulamaq lazımdır. Məsələn, bəzi səhnələrdə işıq və rəng cəhətdən səhvlər var idi. Bəzi epizodik rolları ifa edənlərdən bəzilərinin zəif oyunu filmin mənfi cəhətləri haqqında söyləyə biləcəklərim sırasındadır. Amma bu kimi mənfilər çox az idi deyə gözə batmırdı. F. Fellini deyirdi ki, yaxşı filmin qüsurları olmalıdır. Həyat kimi, insanlar kimi. Bir çox dialoq və monoloqları özündə ehtiva etməsi "Ahlat ağacı"nı rejissorun digər filmlərindən fərqləndirən əsas nüans olduğunu deyə bilərəm.

Dialoq və monoloqlar isə mükəmməl yazılıb. Əsas obraz Sinan’ın universiteti bitirib kəndə gələndən sonra qarşılaşdığı, danışdığı hər insan cəmiyyətin müxtəlif təbəqəsindəndir. Əsər başdan-başa dialoq və monoloqların bir-birini əvəz etməsi üzərində qurulub. Biz bunlardan filmin “dərdlərinin” (cəmiyyətin yeni fikirləri qəbul etməməsi, xəyallarımız, alın yazısı, dövlət, ədəbiyyat, din xadimləri, ata-oğul, ümumiyyətlə, ailə münasibətləri və s.) nə olduğunu anlayırıq. Film bir çox sual verir, amma cavab vermir. Yalnız filmin sonunda bir cavab tapırıq. Bəs, onunla kifayətlənməliyikmi? Filmdə belə bir cümlə keçir: “İnsan niyə həmişə ən yaxınında duran həyatı seçib, yalnız onu yaşamaq məcburiyyətindədir?” Sual hazırki durumumuzu aydın şəkildə açıqlayır. Bəlkə də o “Balaca qara balıq” olsaq, hər şey dəyişəcək. “Ahlat Ağacı” bir çox suala cavab axtaran və həyata realist yöndən yanaşan bir filmdir. Heç düşünmədiyiniz məqamlara rast gələcəyiniz və özünüz üçün də bir çox qərarlar verəcəyiniz bir film olacaq. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın.

Analizi filmi izlədikdən sonra oxumağınız tövsiyə olunur, aşağıdakı mətnde spoiler var

🎥 Ahlat Ağacı (2018) - Film analizi

Filmin analizini qeydlərim əsasında yazıram. Demək olar ki, bütün səhnələri və replikaları qeyd etmişdim. Lakin bunların içərisindən əsaslarını seçib öz şərhimi də qataraq bir analiz yazdım. Spoiler var deyə filmi izləyəndən sonra oxumağınızı tövsiyə edirəm. 
Ahlat Ağacı” (2018) hər kəsin izləyib fərqli mənalar çıxara biləcəyi, mühüm və insana dair bir filmdir. İnsan psixologiyası, insan təbiəti, fəlsəfə bu filmin özülünü təşkil edir. En əsası isə filmdə mühüm problem ortaya qoyulur: insan və yalnızlıq.
Filmin əsas obrazları Sinan və atası İdrisdir. Sinan universiteti yenicə bitirib və doğulduğu, boya-başa çatdığı kəndinə qayıdır. Bura Çanakkale şəhərinin Çan bölgəsidir. Atası İdris isə bu kənddə ibtidai sinif müəllimi kimi işləyir. Təsadüfə bax ki, Sinan da həmin ixtisası oxuyub. Hər nə qədər atasını bəyənməsə də, atası ilə fərqli olduğunu desə də, görəsən, həqiqətən belədirmi? Filmin açılış səhnəsi ilə başlayaq. İlk səhnədə Sinan’ı və dalğaları görürük. Sinan düşüncəlidir, dalğalar isə coşqun. Burdan başa düşə bilərik ki, Sinan’ı dalğalar qədər coşqun nələrsə gözləyir. Sinan kəndinə gəlir və ilk olaraq yolda gördüyü zərgər ilə həmsöhbət olur. Biz dialoqdan başa düşürük ki, İdrisin zərgərə borcu var və 4 aydır ki, ödəmir. O, borcun qarşılığında İdrisdən itini istəyib, amma o verməyib. Sinan itin atası üçün çox dəyərli olduğunu zərgərə söyləyir. Gecədir. İdris evə gəlir. Qızı və yoldaşı Asuman televizor izləyir, elə bu zaman televizordan bu sözlər eşidilir: “Sən gerçəklərdən qaçırsan. Ortada bir gerçək var, amma sən bunu qəbul etmirsən”. Bu sitat izləyiciyə filmin irəliləyən dəqiqələri üçün ipucu verir. İdris Sinan’ı görür, salamlaşırlar. Filmin gedişatında görürük ki, İdris ailədə önəmsənən, hər sözü yerinə gətirilən bir ata deyil. Buna səbəb onun qumarbaz olmağı, hər kəsə borcunun olmağı və s. göstərilə bilər. Səhərisi gün Sinan, İdris və İdrisin atası Rəcəb düzənlik bir ərazidə quyudan su çıxartmaqla məşğul olurlar. Quyunun filmdə simvolik mənası var. İzləyici bunu filmin sonunda başa düşür. Sinan ana tərəfdən nənə və babasının yanına gəlir. Bu səhnədə başa düşürük ki, İdrisin onlara da borcu var. Sinan’ın bir istəyi var: yazdığı “Ahlat Ağacı” adlı kitabı nəşr etdirmək. Lakin özünün və ailəsinin imkanı olmadığından pul üçün qapı-qapı gəzməyə başlayır. İlk olaraq bələdiyyə sədrinin yanına gedir. Sədr Sinan ilə danışarkən hər kəsin yanında olduqlarını, qapılarının hər kəsə açıq olduğunu desə də, Sinan’a pul verməkdən imtina edir. Bununla da sədrin sözü və əməli arasında təzad yaranır. Ardınca, sədr onu İlhami adlı birinin yanına göndərir. İlhami kitabsevər və belə proyektlərə dəstək verən biri imiş. Bu səhnədən və dialoqlardan başa düşə bilərik ki, film həm də idarəçiliyi tənqid edir. Dövlət belə gənclərin yanında olmalı, onlara dəstək verməlidir. Lakin heç kömək etmir və etdikləri tək şey boşboğazlıqdır.
Sinan İlhami’nin yanına getsə də, onu yerində tapmır. Sonra yavaş-yavaş kəndi gəzməyə başlayır. Elə bu zaman kənd qızlarından biri olan Xədicə Sinan’ı görür və yanına çağırır. İzləyici filmin irəliləyən dəqiqələrində öyrənir ki, Sinan’ın əvvəl Xədicədən xoşu gəlirmiş. Elqərəz, ikili arasında söhbət başlayır. Sinan kənddən getmək istədiyini, buna səbəb olaraq da buradakı insanların burada ömür çürütdüklərini deyir. Əslinə baxanda Sinan haqlıdır. Lakin həyatın gerçəkləri deyə bir şey də var. Nə vaxta kimi gerçəklərdən qaçmaq olar? İstənilən zaman hər şeyi atıb getmək olurmu? Xədicə də kənddə qalmaqdan məmnun deyil. O da həyatın gözəlliklərini dadmaq istəyir. Hətta söhbət zamanı dediyi bu fikir izləyicini də düşündürməyə bilmir: “İnsan niyə həmişə ən yaxınında duran həyatı seçib, yalnız onu yaşamaq məcburiyyətindədir? Halbuki, həyatda o qədər gözəl şeylər var ki... İşıqlı küçələr, gözəl yeməklər, uzaqlara gedən gəmilər, eşqlər, sərxoşluqlar, yağışda islanmalar.” Lakin Xədicə bilir ki, bütün bunlar əlçatmazdır. Elə özünün bu sözlərindən də başa düşmək olar: “Hər şey çox yaxın kimidir, əslində isə elə deyil. Hər şey çox uzaqdır Bu zaman Xədicə ağlamağa başlayır. Onun göz yaşları qarşı çıxa bilmədiyi alın yazısına görədir. Söhbət əsnasında Sinan’a evlənəcəyini deyir. Sinan isə bu insanın, əvvəlcə, Rza olduğunu sanır. Xədicə gülür və evlənəcəyi insanın zərgər olduğunu söyləyir. Sonra öpüşürlər və Xədicə Sinan’ın dodağını dişləyir. Davamında da Xədicəni çağırırlar və o gedir. Sinan kəndi gəzməyə davam edir və bu zaman da dostu ilə telefonda danışır. Dostu ədəbiyyat fakültəsindən məzun olub, lakin iş tapa bilmədiyindən polis kimi fəaliyyət göstərir. Burada yenə bir tənqidə rast gəlirik: Türkiyədə minlərlə belə insan var. Müəllimlər iş tapa bilmir, nəticədə hər biri başqa sahəyə yönəlir. Bunların bir çoxu isə işsizdir. Diplomu və savadı olan işsizlər. Sinanın dostu ilə danışanda belə bir cümlədən istifadə edir: “Diktator olsaydım, bura bomba atardım” - Sinan’ın mövcud daxili vəziyyətini ifadə edəm möhtəşəm bir cümlə.
Sinan çayxanaya gəlir. Rza və dostları da oradadır. Hamısı birlikdə çıxırlar və gəlib uzaqdan Xədicənin toyuna tamaşa edirlər (qeyd edim ki, Rza ilə Xədicə ayrılıblar və Xədicəni başqası ilə evləndirirlər). Bundan sonra isə birlikdə göl kənarına gəlirlər. Sinan Rzaya gözəlliyə və eşqə inanmaq qədər ayrılığa da inanmağın, hazır olmağın gərəkliliyini vurğulayır. Rza Sinan’a hər kəsin Xədicə ilə arasını pozmağa çalışdığını və Sinan’ın da onlardan biri olduğunu, Xədicənin isə onlara üz vermədiyini deyir. Sinan da istehzalı şəkildə danışır (burada Xədicə ilə öpüşdüyünü deməsə də, həmin hadisə nəticəsində istehza edir). İkisi əlbəyaxa olurlar. Digərləri mübahisə edən köhnə tanışları ayırırlar. Müəyyən qədər müddət keçir. Sinan bir gün kitab mağazasına gəlir və orada yazıçı Süleyman ilə qarşılaşır. Sinan ona onun kitablarını oxuduğunu və özünün də yazıçı olmaq istədiyini bildirir. Süleyman ilə danışarkən Sinan çox laqeyd, daha dəqiq desək, lovğa görünür. Bu da yazıçını narahat edir. Hətta o getmək istəyir. Lakin Sinan qoymur və ona bir neçə sual verir. Sualların içərisində isə bu, çox önəmli məna ifadə edir: “Birinin artıq ona lazım olmayan əşyasını hansısa önəmli səbəbə görə götürmək (oğurlamaq) alçaqlıqdır?”. Sualın mahiyyətini izləyici filmin irəliləyən dəqiqələrində başa düşür. Mən də birazdan açıqlayacağam. Bundan sonrakı dialoqlar yazıçılıq üzərinə qurulur. Süleyman bu sözləri işlədir: “Bir yazıçının yazıçılığına şəxsiyyətinə görə dəyər vermək düzgün deyil. Bunlar ayrı şeylərdir”. Bu cümlə üzərinə belə saatlarla müzakirə etmək olar. Bundan sonra Sinan yazıçını hirsləndirəcək müəyyən sözlər işlədir və Süleyman gedir. Yolda yenidən Sinan yazıçının qarşısını kəsir və ondan kitabını oxumağını, həmçinin, rəy bildirməsini xahiş edir. Süleyman qəbul etmir və gedir. Bu söhbətlər göl kənarında körpünün üzərində baş verirdi. Elə orda Sinan bir heykəl görür və səhvən heykəlin qolunu sındırır, sonra isə suya tullayır. Bu zaman onu görürlər. Sinan qaçır və Troya atının içində gizlənir. Səslər gəlir, Sinan qorxur və yuxudan oyanır. Bu səhnələri bir çox yöndən açıqlamaq olar. Bəzi tənqidçilər Sinan’ın yazıçı ilə qarşılaşması, söhbət etməsini yuxuda gördüyünü deyir. Yəni, yuxu yazıçı ilə danışmasından Troya atının içində gizlənməsinə qədər olan zaman dilimini əhatə edir. Məncə, bu, ola bilər. Hətta yuxunun daha əvvəlki hadisələri də əhatə etdiyini söyləyənlər də var. Lakin yenə də bu məsələ ilə bağlı bir söz deməyin düzgün olmadığını düşünürəm. Gərək, Nuri Bilge Ceylan bu mövzunu açıqlayaraq, yaranan suallara aydınlıq gətirsin. Sinan gözünü avtobusda açır. Bundan sonra isə çayxanaya gedir. Yolda Muharrem müəllim ilə qarşılaşır. O, İdrisin hərəkətlərinin (qumar oynamağının, hər kəsə borcu olmağının və s.) bir müəllimə yaraşmadığını deyir. Bəs, sizcə, müəllim necə olmalıdır? Muharrem müəllimin fikirləri ilə müəyyən qədər mən də razıyam. Müəllim topluma örnək olmalıdır. Lakin müəllimin də insan olduğunu, onun da səhvlər edə biləcəyini unutmamaq lazımdır. Nəhayət, Sinan çayxanaya gəlir və atasını orada görüb əsəbiləşir. Sinan bundan sonra evə gəlir. Anası Asuman ilə atası, eləcə də ümumi məsələlər barədə danışırlar. Xüsusilə, Asuman’ın bu cümlələri çox önəmlidir: “Zaman qəribə məfhumdur. Fərqinə varmadan ötüb keçir.” Sinanın anası ilə söhbətində oğul-ata münasibətlərinin uçurumun kəndarında olduğu açıq-aydın göstərilir. Asuman oğlunun atasına qarşı belə mənfi, nifrətdolu hisslərinin formalaşmasına göz yuma bilmir və deyir: “Hər istədiyin alınıb. Kəndin bütün uşaqları evə sənin oyuncaqlarınla oynamaq üçün doluşurdu. Bolluq içində böyümüsən”. Sinan yenə də etiraz edir. Səhərisi gün Sinan İlhami’nin yanına gedir. Sədrin “çox oxuyan”, “kitabsevər” dediyi İlhami’nin cəmi 8-10 kitabı var. İlhami Sinan’a öz dərdlərindən danışır. Sanki üstüörtülü şəkildə “sənə pul verə bilmərəm” deyir. Sinan ona Çanakkale şəhərinin də bir mədəniyyətinin olduğunu, şəhidlik, Troya atı kimi məfhumlar haqqında çox danışıldığını, qalan nüansların da önəmli, qabardılmalı olduğunu, elə məhz kitabında da bundan yazdığınl deyir. Qısaca, Sinan bəzi nüansların da önəminə diqqət çəkir. İlhami bu fikirlərə qarşı çıxır. Nəticədə, Sinan yenə əliboş qalır. İlhami də ona pul vermir və Sinan hədəfinə gedən yolda bir zərbə daha alır. Kəndə qayıdan Sinan mollaları - Nazmi və Veysəli görür. Üçlükdə kəndi gəzməyə başlayırlar. Bu zaman aralarında söhbət başlayır. Uzun sürən dialoqlar izləyicini din, Tanrı, insan və həyat haqqında olan söhbətlərə daxil edir. Belə bir sual ortaya çıxır: “Tanrının olduğu dünyada yaşamaq istəyərsən, yoxsa olmadığımı?”. Gördüyünüz kimi, filmdə verilən suallar üzərinə saatlarla müzakirə etmək olar. Hər bir dialoq, monoloq, sual incəliklə yazılıb. Yuxarıdakı suala münasibətimiz necədir? Dialoqların gedişində mollalardan biri alın yazısının olduğuna diqqət çəkir. Sinan qarşı çıxır və “Xətalar, günahlar alın yazısı olmağa başladı?! Ortada pis bir şey varsa, alın yazısı, nəaliyyət varsa “biz etdik” olur nədənsə”, - deyir. Yəni, hər şeyin alın yazısı olmadığına, hətta insanların bütün səhvləri, günahları “alın yazısı” kimi göstərməklərinə diqqət çəkir.
Gecədir. Sinan atasının itini satır. Səbəb kitabını nəşr etdirmək üçün lazımi pulu toplamaqdır. Sinan’ın yazıçıdan soruşduğu sual yadınızdadırmı (“Birinin artıq ona lazım olmayan əşyasını hansısa önəmli səbəbə görə götürmək alçaqlıqdır?”) ?İdris itini o qədər çox sevir ki, hətta, iti itkin düşəndən bəri (o elə sanır) gecələr yata bilmir, səhərlər durub ağlayır. Bunları filmin irəliləyən dəqiqələrində Sinan anasından öyrənir. Nəhayət, Sinan kitabını nəşr etdirə bilir. İlk olaraq da kitabı anasına hədiyyə edir. Kitabın içində isə bu cümlələrə rast gəlirik: “Əziz anama.. Hər şey sənin sayəndə və sadəcə sənin üçün”. Anası qəhərlənir. Sinan’a əvvəl hər kəsin dəli dediyini, amma özünün oğluna inandığını, onun fərqli olduğunu deyir. Həqiqətən, fərqli insanlara dəli demək adətdir. Cəmiyyət yeni fikirləri qəbul etmir. Bəlkə, elə buna görə inkişaf edə bilmirik? Bu duyğusal səhnələrdə ana-oğul bir daha keçmişə qayıdır. Olmuşlardan, keçənlərdən danışırlar. Asuman mövcud vəziyyətindən məmnun deyil. Bu məqamda Sinan anasını sərt şəkildə tənqid edir. Çünki İdrisə qoşulub qaçıb. Atası Sinan’ın gözündə sanki heç kimdir. Anasını belə atası ilə evlənməkdə günahlandırır. Çünki anası xoşbəxt deyil və Sinan hər şeyin səbəbini atasında görür. Asuman gənclik hisslərinin coşğusunu yenidən hiss edərək o vaxtki hərəkətinə bir növ haqq qazandırır: “Atan gənc idi, yaraşıqlıydı, gözəl danışırdı. Üstəlik də oxumuşdu. O qədər gözəl danışırdı ki, adam baxa-baxa qalırdı… Hər kəs puldan, vardan danışanda, mal-mülk hesabı tutanda o, torpağın ətrindən, quzulardan, çəmənliklərin rəngindən bəhs edirdi”. Esas diqqət çəkən məqamlardan biri isə Asuman’ın qərarlılığıdır. Hazırki durumlarına, səfalət içində yaşamalarına baxmayaraq bildirdiyi fikrə bir baxın: “İndiki ağlımla belə yenə atanla evlənərdim”. Sonrakı dialoqda Sinan insanları sevmədiyini deyir. Bəs insanları sevməyən biri yazıçı ola bilərmi? Axı Sinan’ın da məqsədi, hədəfi bu idi. Hər kəsin oxuyacağı bir yazara çevrilib, heç kimin düşünmədiyi mövzulara toxunmaq. Elqərəz, bir müddət sonra Sinan’ın əsgərlikdə olduğunu əks etdirən qısa bir parça izləyicilərə göstərilir. Aradan müəyyən bir zaman dilimi keçir və Sinan əsgərlikdən gəlir. Esgərlikdən gələndən sonra evə qayıdan Sinan anası və bacısından yazdığı kitabı oxuyub-oxumadıqlarını soruşur. Məlum olur ki, heç biri oxumayıb. Hətta, bütün uğurunu borclu olduğunu düşündüyü tək insan olan anası belə… Sinan kitab mağazasına gəlir. Kitabının satılıb-satılmadığını soruşur. Nəticə sıfır. Bir ədədi belə satılmayıb. İdris artıq təqaüdə çıxıb və kəndin digər tərəfindəki bir evdə yaşayır. Orada qoyunlarına qulluq edir, həyatını təbiətlə iç-içə sürdürür. Sinan gecə evə gəlir. Atasını orada tapmasa da, onun əşyalarını tapır. Atasının pul qabına baxarkən bir qəzet parçası görür. Qəzet parçasındakı xəbərdə isə Sinan’dan və onun yazdığı kitabdan bəhs edilir. Sinan qəhərlənir. Növbəti bir təzad izləyicilərin diqqətinə çatdırılır. Sən kitabını nəşr etdirmək üçün atanın itini sat, atana hər olayda əsəbiləş, ona istehza ilə yanaş, bəyənmə, sonda da kitabını oxuyan, səninlə həqiqətən fəxr edən tək insanın atan olduğunu öyrən... Səhərdir. Sinan atasının yanına gəlir. Esgərlik və digər mövzular barədə danışandan sonra Sinan atasından quyunu xəbər alır. İdris isə quyudan su çıxmadığını bildirir. Bundan sonra İdris Sinan’a bir ata kimi tövsiyə verirmişcəsinə danışır, həyatdan, hədəflərə çatmaqdan bəhs edir. Sinan ilə atası arasında “ahlat ağacı”nın nə olduğu barədə söhbət gedir. Sinan bəzən özünü də, atasını da, hətta babası Rəcəbi də “ahlat ağacı”ba bənzətdiyini deyir. Yalnız və formasız “ahlat ağacı”. Həqiqətən, Sinan həmin o kəndin “ahlat ağacı”dır. Bəs, təkcə o? Bütün fərqlilər öz kəndlərinin, cəmiyyətinin “ahlat ağacı”dır. Heç kim tərəfindən önəmsənməyən, yalnız ağaclar.

Filmin iki sonu var:

1. Kamera quyuya yaxınlaşır və Sinan’ın özünü asdığını görürük.

2. İdris yuxudan oyanıb quyuya yaxınlaşır və Sinan’ın quyunu qazdığını görür. _ Bu sonlara bir çox yöndən yanaşa bilərik:

* Ya mübarizəni dayandırarsan, ya da o su çıxmayan quyunu inadla qazmağa davam edərsən. Həyat da belədir. Ya öl, ya da inadla bu həyata tutun. 

* Bəlkə də Sinan’ın yazdığı kitabın sonu ilk göstərilən sona uyğun gəlir. İkinci son isə filmin sonudur. Yəni Sinan’ın seçimi yenə də həyatda mübarizəyə davam etməkdir. 

* İlk son İdrisin yuxusu idi və yuxudan oyanandan sonra gəlib görür ki, oğlu quyunu qazır.

“Ahlat Ağacı” filmini 3 dəfə izləmişəm. İzlədiyim ən möhtəşəm filmlərdəndir. İnanıram ki, dəfələrlə daha izləyəcəyəm. Çünki çəkilişi, sinematoqrafiyası və dialoq/monoloqları heyratamiz, məna etibarilə isə əvəzsizdir. Özümüzü tapmağımız və bu həyatdan bərk-bərk yapışmağımız diləyi ilə


Yazının Müəllifi:   Rəvan İbrahimli
İnstagram Səhifəsi: revanfilms



Filmi İzlə

Share this article :

Yorum Gönder

Yorumlama Biçimi'nden Adı/Url seçip yalnızca isminizi girerek yorum yapa bilirsiniz

 
Creating Website | Ganizade | Azecinema
Copyright © 2019. Azecinema.com - All Rights Reserved
Saytdakı filmler, menbeler saxlanmaqla ferqli bazalardan yüklenmişdir
Elnur Ganizade | TURAL